12 oktyabr 2023-cü il tarixində Education HUB 4-cü "Dəyər üçün səhər yeməyi"ni keçirib.
Tədbir Azərbaycanda Amerika Ticarət Palatası ilə sıx əməkdaşlıq çərçivəsində 10-13 oktyabr tarixlərində keçirilən “Azərbaycan dəyər günləri” silsilə tədbiri çərçivəsində baş tutub. “Azərbaycan dəyər günləri” tədbiri Avropa Vençur Filantropik Assosiasiyasının (EVPA) “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Proramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.
Tədbirdə dövlət, özəl, bank və digər sektorların nümayəndələrini təmsil edən 60-a yaxın şəxs iştirak edib. Tədbirin əsas mövzuları sosial sahibkarlıq, dəyər fondu, dəyər investisiyaları, korporativ sosial investisiyalar və s. olub.
İştirakçılar hansı növ korporativ öhdəliyin təşkilatlarının missiyası və dəyərlərinə daha çox uyğun gəldiyini araşdırmaq şansı əldə ediblər.
İştirakçılara ilham vermək və məlumatlandırmaq üçün EVPA-dan uğurlu korporativ cəlbetmə təşəbbüslərinin real həyat nümunələrini paylaşan təcrübəli spikerlər qoşulub. Bu hekayələr korporativ investisiyanın praktikada nə qədər təsirli ola biləcəyini və malik olduğu transformasiya potensialını nümayiş etdirib.
Açılış nitqi ilə AmCham Azərbaycan-ın icraçı direktoru Gülnarə Aslanbəyli çıxış edib: “AmCham Azərbaycan olaraq 4-cü dəfə keçirilən “Dəyər üçün səhər yeməyi”nin tərəfdaşı olmaq bizim üçün xoşdur. İştirak etdiyim əvvəlki səhər yeməklərində konspetin fərqli, mövzuların maraqlı olması diqqətimi çəkmişdi. Sosial sahibkarlıq mövzusu ölkəmizdə ehtiyac olan və diqqət göstərilməli bir mövzudur." O həmçinin noyabr ayında AmCham Azərbaycan tərəfindən sosial sahibkarlar üçün yeni platformanın istifadəyə veriləcəyini açıqlayıb.
Education HUB-ın Proqram Meneceri Gülnara İsmailova çıxışı zamanı vurğulayıb: “Education HUB tərəfindən Azərbaycana gətirilən “Dəyər üçün səhər yeməyi” konsepsiyası artıq 4-cü dəfə keçirilir. Səhər yeməyinin əsas məqsədi dəyər fondları, dəyər investisiyası, sosial sahibkarlıq haqqında məlumatlılığın artırılması və əməkdaşlıqların qurulmasıdır.”
Daha sonra Avropa Vençur Filantropik Assosiasiyasının əməkdaşları Andreya Rosandic və Nikolas Malmendier “Korpoartiv Sosial İnvesitisiya” mövzusunda interaktiv vörkşop həyata keçiriblər.
Sonda iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.