Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıqda Education HUB tərəfindən həyata keçirilən “Doktorantlar üçün sosial sahibkarlıq” təlimlərinin iştirakçılarına sertifikatların təqdim etməsi baş tutub.
Tədbiri giriş sözü ilə açan Education HUB-ın Proqram Meneceri Gülnara İsmailova iştirakçıları təlimləri uğurla bitirməkləri münasibətilə təbrik edib.
“Sosial sahibkarlıq barədə məlumatlılığın artırılması üçün məqalələrin tərtib olunması çox vacibdir. Bundan əlavə sosial sahibkarlıq davamlı inkişafı və yaşıl iqtisadiyyatı təmin edən vacib biznes modelidir. Ölkəmizdə bu il keçiriləcək COP29 kimi vacib tədbirin də əsas mövzusu məhz ölkəmizdə dayanqılı inkişafı təmin etmək, əməkdaşlıqları gücləndirməkdir. Bu mövzuda sosial sahibkarların rolu əvəzsizdir.” deyə o çıxışında qeyd edib.
Tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Xanım Daşdəmirova keçirilən təlimlərin vacibliyini vurğulayaraq bu cür təşəbbüslərin davamlı keçirilməsində maraqlı olduqlarını qeyd edib.
“Təhsilin İnkişafı Fondu olaraq 2024 üçün qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri də elm sahəsinin inkişafına təkan veməkdir. Sosial sahibkarlıq sahəsində doktorantların məqalələrinin olması sevindirici haldır. Bu sahədə onların inkişafı üçün lazım olan dəstəyi göstərməkdə maraqlıyıq” deyə X. Daşdəmirova çıxışında qeyd edib.
Tədbir müddətində iştirakçılar onları maraqlandıran sualları ünvanlayıblar. Bundan əlavə gələcəkdə keçiriləcək təlimlərin təşkili üçün təkliflərini səsləndiriblər. İştirakçılar qarşılıqlı əməkdaşlıq barədə müzakirələr edərək bu cür təşəbbüslərin davamalılığının vacibliyini qeyd ediblər.
Sonda təlimləri uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib.
Təlimlər “Dəyər üçün əməkdaşlıq” proqramı tərəfindən həyata keçirilib və Avropa İttifaqı tərəfindən qismən maliyyələşir. Proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.